понедельник, 28 мая 2012 г.

Əfsanə-Ana Sözü kitabından , 4-cü sinif


KEÇİ SÜDÜ İLAN ZƏHƏRİ
                                                   (ƏFSANƏ)
                        Komputerdə yazdı Aysel, 5-ci sinifdə

Çox keçmiş zamanlarda bir kişi möhkəm xəstələnir. Onun xəstəliyi gündən-günə artır. Bütün tanınmış loğmanlara müraciət edirlər. Dərdinə əlac tapılmır. Nəhayət, onu çox məşhur bir loğmanın yanına aparırlar. Loğman onun xəstəliyinin əlacı olmadığını söyləyir. Ümidsiz xəstə artıq öləcəyini yəqin edib, yaşadığı yerdən baş götürüb gedir. Gəlib bir xarabalığa çatır. Yerə uzanıb inildəyir. Gördü ki, bir keçi peyda oldu. Haradansa bir arvad gəlib keçini sağdı və südü əlində gətirdiyi qaba töküb, oradaca qoyub getdi. Azacıq sonra bir ilan gəlib həmin südü içdi və sonra südü zəhərilə birgə ağzından qaba tökdü.
 Əziyyət çəkən xəstə həmin ilanın zəhər qarışıq qusduğu südü içib əziyyətdən birdəfəlik qurtarmaq istəyir. Bu niyyətlə sürünüb qaba yaxınlaşır. Gözünü yumaraq həmin zəhəri başına çəkir. Uzanır, öləcəyi anı gözləyir. Günlər keçir. Vəziyyətinin yaxşılaşdığını görüb xəstə yavaş-yavaş qalxıb evlərinə tərəf üz qoyur. Gəlib evlərinə çatır. Çox keçmir ki, tamamilə sağalır. Xəstənin ilan zəhərinin köməyi ilə sağaldığı hər tərəfə yayılır. Deyilənə görə, ilan zəhərinin dərman kimi istifadə edilməsi təbabət aləminə ele o vaxtdan məlum olmuşdur. 

Комментариев нет: